Ministry of Agriculture of Azerbaijan Republic

05/06/2026 | Press release | Distributed by Public on 05/06/2026 01:35

Bakıda V Aqrobiznesin İnkişafı Forumu keçirilib

Bakıda V Aqrobiznesin İnkişafı Forumu keçirilib

Mayın 6-da Bakıda V Aqrobiznesin İnkişafı Forumu keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə "Caspian Agro Week" çərçivəsində baş tutan yubiley forum milli aqro-ərzaq gündəliyinə həsr olunub.

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Aqrobiznesin İnkişafı Forumu ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təşviqi istiqamətində milli aqro-ərzaq sistemlərinin gücləndirilməsinə dair strateji yanaşmaların müzakirəsi üçün mühüm platformadır.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Kənd təsərrüfatında rəqəmsallaşma və innovasiyaların tətbiqi prioritet istiqamət kimi inkişaf etdirilir. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji prioritetlərə və qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində mühüm islahatlar həyata keçirilir. Resurslardan daha səmərəli istifadə, iqlimədavamlı yanaşmaların tətbiqi, müasir kənd təsərrüfatı və heyvandarlıq komplekslərinin formalaşdırılması atılan əhəmiyyətli addımlar sırasındadır.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat hazırda dünyanın rəqəmsal inqilab dövründə olduğunu, texnoloji həllərin kənd təsərrüfatının üzləşdiyi çətinliklərin həllində mühüm amilə çevrildiyini diqqətə çatdırıb. O, daha az resursla daha çox məhsul istehsal etməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Asiya İnkişaf Bankının Kənd təsərrüfatı, qida, təbiət və kənd yerlərinin inkişafı sektoru ofisinin direktoru Jiangfeng Zhang aqro-ərzaq sisteminin iqtisadi baxımdan şaxələndirilməsi, rəqabətə davamlı və inklüziv kənd təsərrüfatının inkişafını müasir dövrün əsas tələblərindən biri olduğunu vurğulayıb. O, aqrar sahənin müasir innovasiya yönümlü sahə və bu sektorda davamlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Forum çərçivəsində aqrar sektorda ən uğurlu bank və lizinq təşkilatları mükafatlandırılıb.

Rəsmi çıxışlardan sonra forum öz işini panel və dəyirmi masa müzakirələri ilə davam etdirib.

Tarix: 06 May 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on May 06, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on May 06, 2026 at 07:36 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]